26.09.2025
26 sentyabr 2025-ci il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq “Vətən müharibəsi qəhrəmanlığı və Dövlət suverenliyinin bərpası” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edib.
İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, “27 sentyabr tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq “Anım Günü” kimi qeyd edilir. Azərbaycan xalqı və şanlı ordumuz Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandı, torpaqlarımız işğaldan azad edildi. Bu tarixi uğura, zəfərə görə şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə borcluyuq. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.
Tədbirdə “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev “Tarixin dönüş nöqtəsi: milli iradənin qələbəsi və tarixi ədalət”, şöbənin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Nazim Məmmədov “Azərbaycanın ərazi bütövlüyünün və xalqın konstitusiya hüquqlarının bərpası”, şöbənin baş elmi işçisi, tarix elmləri doktoru, professor Mais Əmrahov “2025-ci il Konstitusiya və suverenlik ilidir”, kiçik elmi işçi Jalə Rəhimova “Vətən müharibəsi qəhrəmanları” adlı məruzələrlə çıxış edərək şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açıblar, onların hər birinin qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu bildiriblər.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir