
07.10.2025
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan” şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Elçin Qarayevin “Barışdırıcı qurultay” (Qafqaz Canişinliyi, 20 fevral – 6 mart 1906-cı il)” adlı məqaləsi Qazaxıstanın “Наука и образование: новое время” jurnalında (№24) dərc olunub. Məqalə Tiflisdə 1906-cı il fevralın 20-dən martın 6-na qədər davam edən “Barışdırıcı qurultay” a həsr edilib. Müəllif həmin dövrdə baş vermiş qırğınların, qarşıdurmanın qarşısını almaq və gələcəkdə tərəflər arasında sülh bağlamaq məqsədi ilə keçirilən tarixi görüşü geniş təhlil edib. Məqalədə qeyd olunur ki, qurultayda Azərbaycan türklərindən 27, ermənilərdən isə 30 nümayəndə iştirak edib. Hər iki tərəf ayrı-ayrılıqda 12 maddədən ibarət proqramı müzakirəyə çıxarıb. “Barışdırıcı qurultaya” Çar Rusiyasının Qafqaz Canişininin hərbi işlər üzrə köməkçisi, general-leytenant Y.D.Malama sədrlik edib. Qurultayda Ə.Ağayev, Ə.Topçubaşov, İ.Hacıyev, A.Ziyadxanov, M.Şaxtaxtinski və başqaları fəal iştirak edibr. Qurultayın iclaslarında hər iki tərəfin təqdim etdikləri proqram bənd-bənd müzakirə olunub, nəticədə toplantı qarşılıqlı ittihamlar əsasında keçib. Azərbaycan nümayəndə heyəti baş vermiş qırğınların səbəbkarının terrorçu “Daşnaksutyun” partiyasının olduğunu sübut etmişdir. Qurultay gərgin keçsə də, sonda birgə Xüsusi Komissiya yaradılıb. Qeyd edək ki, tarix elmləri doktoru, dosent Elçin Qarayevin məqaləsi “Ən yaxşı məqalə” fəxri fərmanı ilə mükafatlandırılıb.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir