“Azərbaycanda orta məktəblərdə tarix dərslikləri ilə bağlı ən ciddi qüsurumuz ondan ibarətdir ki, bu gün tarix dərsliklərinin səhifələri, həcmi azaldılır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov söyləyib. O deyib ki, Azərbaycan müstəqilliyini qazanan dövrdə yalnız kərpic qalınlığında “SSRİ tarixi” dərsliyi olub: “Biz hələ 1990-cı ildə üçrəngli bayrağımızın təsviri üzərində olan Azərbaycan tarixi proqramını yaratdıq, ilk dərsliklərimiz çap olundu. Biz böyük yol keçmişik. Məsələn, nə qardaş Türkiyədə, nə Orta Asiyadakı türk respublikalarında orta əsrlər tarixində türk dövlətlərinin tarixi keçilmir. Amma Azərbaycanda orta məktəbdə 7-ci və 8-ci siniflərdə tədris edilən orta əsrlər tarixi türk imperiyalarının hamısının tarixini əhatə edir. Bu, bizim milli şüurumuzun formalaşmasında çox mühüm rol oynayır. Atilladan Heydər Əliyevə qədər türk dünyasının tarixi şəxsiyyətləri, böyük imperiyalarımızın hamısı tarix dərsliklərinə salınıb. Artıq milli tarix dərsliklərimiz var. Amma bu sahədə təkmilləşdirmələrin aparılmasına ehtiyac var. Bu gün tarix dərsliklərinin səhifələrinin, həcminin azaldılması doğru deyil”. Y.Mahmudov bildirib ki, müstəqilliyi bərpa etməyimizdən 20 ildən çox müddət keçsə də, tarixlə bağlı çoxlu metodiki vəsaitlər yaradılmayıb: “Bizim uşaqlarımızın milli tariximizi, dünya tarixini, türkün tarixini öyrənmələri üçün yeganə vasitə dərslikdir, dərsliyi də həcmcə azaltmaq olmaz. Dərsliyi həcmcə azaldırsansa, deməli, sən uşaqların tarixi biliklərini məhdudlaşdırırsan. Mən bu mənfi meyli hiss edirəm və arzu edirəm ki, Təhsil Nazirliyində bu sahədə olanlar başa düşsünlər, qiymətləndirsinlər ki, tarix dərsliklərinin həcmini azaltmaq olmaz. Deyək ki, 7-ci, 8-ci və 9-cu sinifdə Azərbaycan tarixi 100, 128 səhifədir, bu dərslik uşağın əlindən alınandan sonra hansı vəsaitlər var? Metodiki vəsait, alternativ dərsliklərimiz yoxdur”. Böyük çətinliklər bahasına olsa da, Milli Tarix Atlasının yaradılmasından qürur hissi keçirdiyini vurğulayan Y.Mahmudov qeyd edib ki, bu çox böyük uğurdur: “Ancaq yaxın keçmişə qədər orta məktəblərdə tarix keçirilərkən ancaq Şimali Azərbaycanın tarixi keçirilib. Bu doğru deyil. Azərbaycan öz tarixinə sahib çıxmalıdır. Bizim tariximiz isə təkcə Arazdan şimalda formalaşmayıb, çox böyük ərazilərdə mədəniyyət yaratmışıq. Məsələn, Ermənistan Respublikası 1918-ci ildə yaranıb. Cümhuriyyət dövründə 9 min kv. km ərazi verdik və 1918-ci ildə Ermənistan yaradıldı. O vaxta qədər indiki Ermənistan ərazisindəki tarix bizim tariximizdir. Bu, yaxın keçmişə qədər tarix dərsliklərimizə düşməmişdi, bunu bərpa etmək lazımdır. Biz bunun üzərində işləyirik. İrəvan xanlığının, İrəvan xalçaçılıq sənətinin tarixini yazdıq. Artıq bütün itirilmiş torpaqlarımızın tarixinə kitablar həsr edirik. Məsələn, Tiflis Əmirliyi kimi 500 ilə qədər mövcud olmuş dövlətimiz olub, orada mədəniyyət yaratmışıq, Tiflis İslamın sərhəd şəhərlərindən biridir. Amma Tiflisin, Dərbəndin tarixi tarix dərsliklərimizdə yoxdur. Bu, ərazi tələb etmək mənasında deyil. Amma Azərbaycan xalqının milli mədəniyyətinin formalaşdığı böyük ərazi var və biz müxtəlif dövrlərdə o ərazilərin tarixini verməliyik. Bu məsələlər gələcəkdə hökmən tarix dərsliklərinə daxil edilməlidir. Biz o yolu gedirik”. Y.Mahmudov nəzərə çatdırıb ki, erməni terrorçuları, Azərbaycan xalqına qarşı soyqırımlar törədən Sərkisyanlar Ermənistanda, tarixi torpaqlarımızda oturub, indi qondarma “Dağlıq Qarabağ Respublikası”nın tarixini də öz tarixləri kimi orta məktəblərdə tədris edirlər: “Amma unudurlar ki, hələ Dağlıq Qarabağ problemi həll olunmayıb, biz ora qayıdacağıq. Prezidentimizin dediyi kimi, biz Zəngəzura, İrəvana da qayıdacağıq. Tarix bu cür öyrədilməlidir. Azərbaycan deyəndə uşaqlarımızın milli şüuruna, beyninə Arazdan şimalı yeritmək doğru deyil. Arazdan cənubda da bizim tarixi torpaqlarımız var. Yoxsa indi hara gedirsən, uşaqlarımız Şimali Azərbaycanın xəritəsini çəkir və adını da Azərbaycan qoyurlar. Axı Azərbaycan dəfələrlə bölüşdürülüb, parçalanıb. Niyə Azərbaycanın tarixi xəritələrini nümayiş etdirmirik? Gəncliyin beynində tarixi Azərbaycan, tarixən yaratdığımız mədəniyyət olmalıdır. Biz indi heç kəsdən torpaq istəmirik, dünyanı dəyişdirmək istəmirik. Ancaq tarixinə, mədəniyyətinə sahib çıxmayan xalq məhvə məhkumdur. Bizim tariximiz həm qədim, həm də böyükdür. Biz imperiyalar yaradan xalqıq. Qorxmaq lazım deyil, tək özümüzü yox, qonşu əraziləri, xalqları da idarə etmişik. Səfəvi, Ağqoyunlu imperiyaları dünya problemlərini həll edib. Bütün bunlar dərsliklərimizdə geniş əksini tapmalıdır. 100 səhifəlik, 120 səhifəlik tarix dərslikləri ilə nə etmək olar?!”
Paylaş: