07.05.2025 10:55
6 may 2025-ci il tarixində Almatı şəhərində Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin L.N. Qumilyov adına Avrasiya Milli Universiteti, Ç.Ç.Vəlixanov adına Tarix və Etnologiya İnstitutu və Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Böyük Vətən müharibəsində sovet xalqlarının qələbəsinin 80 illiyinə həsr olunmuş “Qazaxıstanın və qazaxıstanlıların qələbəyə töhfəsi” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev konfransın plenar iclasında çıxış edib. İ.Niftəliyev qeyd edib ki, İkinci Dünya müharibəsi bəşər tarixində ən ağır, qəddar və qanlı müharibə olub. Biz bilirik ki, İkinci Dünya müharibəsinin əsas yükü ərazisində ən qanlı və həlledici döyüşlər getmiş Sovet İttifaqı xalqlarının çiyninə düşmüşdür. Fərqli millətlərdən, dinlərdən , mədəniyyətlərdən olan insanlar təkcə öz böyük Vətənlərini deyil, həm də faşist işğalı altında olan Avropa ölkələrinin azadlığı və müstəqilliyi uğrunda mübarizədə misilsiz mənəvi birlik nümayiş etdirmişdilər. Faşist əsarətinə qarşı mübarizəyə qalxan digər xalqlarla yanaşı, Azərbaycan xalqı da layiqli töhfələr vermişdir. 600 mindən çox soydaşımız cəbhəyə çağırılmış, onlardan 300 mindən çoxu qəhrəmanlıq və şücaət göstərərək həlak olmuşdur. Azərbaycandan orduya çağırılmış 120-dən çox sovet vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, onlardan 42-si azərbaycanlı idi. Azərbaycan milli diviziyaları Şimali Qafqazın, Krımın, Ukraynanın, Polşanın, Yuqoslaviyanın və digər ölkələrin alman işğalından azad edilməsində ən fəal iştirak edərək Qafqazdan Berlinə qədər döyüş yolu keçmişdilər. Müharibə illərində SSRİ-nin maye yanacağa olan tələbatının 80 faizini təmin etməklə Azərbaycan cəbhənin əsas neft və neft məhsulları tədarükçüsü idi. SSRİ-in qərbində işğal olunmuş ərazilərindən şərqə əhalinin və sənaye müəssisələrinin təxliyəsi prosesinə Azərbaycan mühüm töhfələr vermiş, həmçinin Müttəfiqlərin Lendliz planı üzrə İran ərazisindən keçməklə döyüş əməliyyatlarının aparıldığı ərazilərə hərbi yüklərin daşınmasında fəal iştirak etmişdir.
Hörmətli konfrans iştirakçıları, Qələbə bizim hamımıza çox baha gəlmişdi. Qələbədən 80 il keçməsinə baxmayaraq, müharibənin nəticələri tarixçilərə hələ də cavabı olduqca çətin olan suallar verməkdə davam edir. Postsovet dövründə, sovet dövrü tarixinin yenidən nəzərdən keçirilməsinin başlanması ilə əlaqədar olaraq, İkinci Dünya müharibəsinin müəyyən epizodlarının və süjetlərinin, əsas mərhələlərinin və nəticələrinin işıqlandırmasında və qiymətləndirilməsində sovet tarixçilərinin bu məsələlərə birtərəfli baxışlarını fikir plüralizmi əvəz etdi. Etiraf etmək lazımdır ki, müharibənin çoxlu “ağ ləkələri” var. Xalqlarımız üçün müharibənin xatirəsi təkcə sovet əsgərlərinin parlaq qələbələri və arxa cəbhədəki insanların ağır həyat və əməyi deyil, həm də işğal altında olan milyonlarla insanın çəkdiyi iztirablar, günahsız sovet vətəndaşlarına qarşı ölkə daxilində davam edən repressiyalar və təbi ki, əsirlik faciəsidir. Lakin bütün bu prosesləri diqqətlə öyrənmək lazımdır, müharibənin yeni təhrif edilmiş variantını formalaşdırmaq, müharibənin yaddaşı ilə haqq-hesab aparmaq lazım deyil. Müharibənin tarixini və dərslərini obyektiv şəkildə əks etdirmək, həm də onun timsalında gənc nəsildə ümumi tarixi yaddaşa hörməti tərbiyə etmək lazımdır.
Sonda İ.Niftəliyev tədbir iştirakçılarını Qələbə bayramı münasibətilə təbrik edərək, konfransın işinə uğurlar arzulayıb.
Beynəlxalq əlaqələr şöbəsi