AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bir qrup AMEA əməkdaşları Milli Mətbuat Günü münasibətilə təltif olunublar

18.07.2025 10:24

İyulun 17-də AMEA-nın Əsas binasında Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyinə həsr edilmiş “Azərbaycan mətbuatının inkişaf və vəzifələri” mövzusunda konfrans keçirilib.

Tədbir AMEA Rəyasət Heyəti, AMEA Azad Həmkarlar İttifaqı, Elm və Təhsil Nazirliyi Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, YAP Yasamal rayon təşkilatı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşəbbüsü ilə baş tutub.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin büstləri önünə tər gül dəstələri düzüb, onların xatirələrini ehtiramla yad ediblər.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yola nəzər salınıb, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində Ulu Öndər Heydər Əliyevin rolundan danışıb. Bildirib ki, müasir dövrdə milli mətbuatımızın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Dahi liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açıb. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyulub və bu, mətbuatın inkişafına ciddi təkan verib. Onun sözlərinə görə, 2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində Heydər Əliyevin "Jurnalistlərin dostu” seçilməsi görkəmli dövlət xadiminin medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi idi.

“Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, mətbuata qayğıda da Ümummilli Liderin ənənələrini layiqincə davam etdirir” – deyən akademik İsa Həbibbəyli son illərdə dövlət başçısının genişmiqyaslı fəaliyyəti çərçivəsində Azərbaycan mətbuatının öz inkişafını ən yüksək səviyyədə təmin etdiyini, Vətən müharibəsi ərzində medianın haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, saxta məlumatların ifşasında xüsusi fəaliyyəti ilə seçildiyini vurğulayıb. AMEA prezidenti bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamı müstəqil mətbuatın inkişafının dövlət başçısının diqqət mərkəzində saxladığı prioritet sahələrdən olduğunu bir daha təsdiqlədi: “Azərbaycan Milli Mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə mətbuat işçilərinin təltif edilməsi, onlara fəxri adların verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi ölkə başçısının bütövlükdə, jurnalistikaya göstərdiyi qayğının göstəricisidir”.

Sonda Akademiyada çalışan bir qrup media işçisinə AMEA-nın təşəkkürnaməsi, həmçinin YAP Yasamal rayon təşkilatının, AMEA Azad Həmkarlar İttifaqının, Humanitar və İctimai Elmlər bölmələrinin Fəxri fərmanı və təşəkkürnamələri təqdim olunub.

Tədbirdə Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsi AMEA-nın təşəkkürnaməsinə layiq görülüb.

Paylaş: