AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Xalqın yaddaşında əbədi yaşayan ümummilli lider

12.12.2025 16:44

12 dekabr 2025-ci il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Xalqın yaddaşında əbədi yaşayan lider” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev tədbiri giriş sözü ilə açaraq Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpası, qorunub-saxlanılması, möhkəmləndirilməsi və milli ideologiyanın elmi əsaslarla formalaşdırılması istiqamətində həyata keçirdiyi tarixi xidmətləri diqqətə çatdırıb. O deyib ki, Ulu Öndərin siyasi xətti bütövlükdə müasir Azərbaycan tarixinin inkişaf trayektoriyasını müəyyən edən strateji kursdur. İlqar Niftəliyev Heydər Əliyevin elmin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsinə xüsusi önəm verdiyini vurğulayaraq, bu gün ölkədə elmin inkişaf dinamikasının Ulu Öndərin müəyyən etdiyi konsepsiya ilə uzlaşdığını bildirib.

Dəyirmi masada institut əməkdaşları tərəfindən geniş məruzələr təqdim edilib.

“Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ədalət Qasımov “Heydər Əliyev və Azərbaycan milli elminin strateji əsaslarının yaradılması” mövzusunda çıxış edərək Heydər Əliyevin Azərbaycanda elmin inkişafına verdiyi əvəzsiz töhfələrdən danışıb, bildirib ki, Ulu Öndərin elmi-təşkilati strukturun formalaşdırılması, elmi-tədqiqat müəssisələrinin müasirləşdirilməsi və elmi kadr hazırlığının gücləndirilməsi sahəsində həyata keçirdiyi tədbirlər milli elmin inkişafında həlledici rol oynayıb. Məruzədə 1970–1980-ci illərdə və müstəqillik dövründə elmin inkişafı ilə bağlı qəbul olunmuş qərarların tarixi əhəmiyyəti faktlarla əsaslandırılıb. Ədalət Qasımov Ulu Öndərin tarix elmi, milli yaddaşın qorunması və elmi müəssisələrin fəaliyyəti ilə bağlı irəli sürdüyü vəzifələrin bu gün də aktuallığını qoruduğunu vurğulayıb.

“Əliyevşünaslıq” şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Mehdizadə “Heydər Əliyev: Xalqa və dövlətə xidmətin parlaq nümunəsi” mövzusunda çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin bütün siyasi fəaliyyəti xalqa xidmət, dövlətin təhlükəsizliyinin təmin olunması və milli maraqların qorunması prinsiplərinə əsaslanmışdır. O, Heydər Əliyevin dövlətçilik ənənələrinin bərpasında, milli ideologiyanın formalaşdırılmasında və Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsində oynadığı müstəsna rolu geniş şəkildə şərh edib. Məruzədə Ulu Öndərin şəxsi keyfiyyətlərinin – intizam, prinsipiallıq və dövlət maraqlarının üstün tutulmasının – yeni nəsil üçün örnək olduğu bildirilib.

“Əliyevşünaslıq” şöbəsinin elmi işçisi Yüzdanə Cabbarlı “Heydər Əliyevin zəngin idarəçilik irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda çıxış edib. Yüzdanə Cabbarlı Heydər Əliyevin idarəçilik modelinin əsas xüsusiyyətlərini təqdim edərək bildirib ki, Ulu Öndərin siyasi idarəetmə mexanizmləri bu gün də dövlət idarəçiliyi üçün etibarlı bünövrə olaraq qalır. Məruzədə Heydər Əliyevin çevik qərarvermə, analitik düşüncə, milli maraqlara uyğun siyasət yürütmək, kadr siyasətində obyektivlik və dövlətçilik prinsiplərinə sadiqliyi kimi keyfiyyətləri xüsusi vurğulanıb.

“Qərbi Azərbaycan” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, “Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Günel Aslanlı çıxış edərək öz fikirlərini bölüşüblər.

Çıxışlar zamanı Ulu Öndərin yaratdığı milli idarəçilik məktəbinin müasir Azərbaycanın dövlət quruculuğunda rolu çoxsaylı faktlarla əsaslandırılıb, geniş şəkildə izah olunub.

                    

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: