AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Gümrü müqaviləsi və onun nəticələri”

23.02.2026 10:51

Qərbi Azərbaycan tarixi şöbəsində “Türkiyə ilə daşnak Ermənistan arasında 2 dekabr 1920-ci ildə imzalanmış “Aleksandropol (Gümrü) müqaviləsi və onun nəticələri” mövzusunda seminar keçirilib.

İclası açıq elan edən şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov bildirib ki, Gümrü şəhərinin taleyi Azərbaycan tarixçilərinin önəm verməli olduğu vacib elmi məsələlərdən biridir. Gümrü şəhərə 1801, 1805-ci ildə Çar Rusiyası ordularının hücumlarına məruz qalıb, 1827-ci ildə tam işğal altına düşdükdən sonra bu şəhərə Şərqi Anadoludan Osmanlı imperiyasına xəyanət etmiş ermənilər köçürülüb. 1837-ci ildə Tiflisə gələn Rusiya imperatoru I Nikolayın əmri ilə Gümrüdə qala tikilib, qalanın və Gümrü şəhərinin adı dəyişdirilərək imperatorun arvadı Aleksandra Fyodrovnanın şərəfinə Aleksandropol adlandırılıb.

Şöbənin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa bildirib ki, 24 oktyabr 1918-ci il tarixində Kazım Qarabəkir Paşa Qars üzərinə hücuma keçib, ermənilər mühasirəyə çox davam gətirə bilməyiblər, 31 oktyabr tarixində türk ordusu Qarsa daxil olub Gümrü istiqamətində hərəkətə başlayıb, 4 noyabrda Şahnalar bölgəsində erməni daşnak birliklərini məğlub edib. Ermənilər 6 noyabr tarixində sülh danışıqlarına başlamaq istəyib. Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir paşa buna razı olmayıb, 7 noyabrda Gümrünü azad edib. Türk ordusu Gümrünün şərqindəki erməni birliklərini məğlub edərək 28 noyabr tarixində Arpaçayın qərbindəki atəşkəs xəttinə geri çəkilib. 3 dekabr tarixində Ermənistan ilə Türkiyə Böyük Millət Məclisi arasında sülh müqaviləsi bağlanılıb. Müqavilə 18 maddədən ibarət idi, şərtlərə əsasən Ermənistan hökuməti Türkiyə torpaqlarına iddialardan əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Müqavilə Ermənistan ilə Türkiyə arasında sərhədi də müəyyən edirdi. Bu müqavilənin şərtlərinə əsasən, Ermənistan sayı 1500 nəfərdən çox olmayan bir orduya, “Sevr müqaviləsi”nin qüvvədən düşməsini qəbul edərək öz nümayəndə heyətlərini Avropadan və ABŞ-dan geri çağırmağı öz üzərinə götürürdü. Ermənistan hökuməti Türkiyəyə qarşı olan bütün müqavilələri qüvvədən düşmüş elan edirdi. Daşnak hökumətinin nümayəndələri gecə dekabrın 2-dən- 3-nə keçən gecə Gümridə müqaviləni imzalamamışdan bir neçə saat əvvəl daşnak hökuməti Sovet Rusiyasının nümayəndəsi ilə Ermənistanda sovet hakimiyyətinin qurulması barədə müqavilə imzalayıblar. Ermənistanda qurulan sovet hökuməti Gümrüdə imzalanmış müqaviləni tanımyaıb, onu qüvvədən düşmüş elan edib. Ermənistanla Türkiyə arasındakı sərhəd məsələsi 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi ilə tənzimlənib.

Seminarda Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov, Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova mövzu ətrafında çıxış edərək, fikir və mülahizələrini bildiriblər.

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

????070-253-75-93

info.tarixinstitutu@gmail.com

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: