AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Mirzə Fətəli Axundzadənin ərəb qrafikalı əlifbanı dəyişmə cəhdləri

23.02.2026 10:57

XIX əsr Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Mirzə Fətəli Axundzadə təkcə dramaturgiya sahəsində deyil, həm də mədəni və ictimai islahatlar sahəsində böyük xidmətlər göstərib. Onun ərəb qrafikalı əlifbanın dəyişdirilməsi ilə bağlı təşəbbüsləri Azərbaycan mədəniyyətinin modernləşməsi yolunda mühüm mərhələ hesab olunur. M.F.Axundzadə 1850-ci ildən, hələ Tiflisdə (indiki Tbilisi) tərcüməçi işlədiyi dövrdə ərəb yazısının Azərbaycan dilinin fonetik tələblərinə uyğunlaşdırılması ideyası üzərində düşünməyə başlamışdı. O, hər bir səslə bir hərfin uyğun gəlməsi prinsipini əsas tuturdu. Axundzadəyə görə, ərəb əlifbasında yalnız üç saitin ifadəsi mümkün olduğu halda, Azərbaycan dilinin fonetik sistemi doqquz sait tələb edirdi. Bu səbəbdən alim səslərin daha dürüst ifadəsi üçün əlifbada islahat aparılmasının vacibliyini irəli sürürdü. Maarifpərvər mütəfəkkir yazını sadələşdirmək, nöqtə və ilmələrdən azad olmaqla oxunuş və yazı prosesini sürətləndirmək niyyətində idi. Onun fikrincə, yazı xəttinin fasiləsiz və aydın olması sözlərin sərhədlərinin dəqiq müəyyənləşdirilməsini asanlaşdıracaqdı.

Bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, türkoloq Güllü Yoloğlunun AZƏRTAC-a təqdim etdiyi “Mirzə Fətəli Axundzadənin ərəb əlifbasını dəyişmə cəhdləri” məqaləsində yer alıb. Məqalədə qeyd olunub ki, 1863-cü ildə Axundzadə İstanbulda olarkən Osmanlı Elm Cəmiyyətində öz layihəsini irəli sürdü. Bu təşəbbüs Osmanlı mətbuatında geniş müzakirələr və fikir ayrılıqları doğurdu. O dövrdə dil və yazı məsələsi yalnız texniki deyil, həm də ideoloji və dini məzmun daşıyırdı. Ərəb dilini və əlifbasını müqəddəs sayan dairələr bu islahatın qəti əleyhinə çıxdılar. Onun ideyasını yalnız görkəmli maarifçi Namıq Kamal müdafiə etdi. Həm Osmanlı dövləti, həm də İran bu təşəbbüsü rədd etdi.

Axundzadə 1878-ci ildə latın əlifbasına əsaslanan, lakin bəzi Kiril elementləri ilə zənginləşdirilmiş bir yazı variantı üzərində çalışıb. O, yeni yazının könüllü şəkildə, mərhələli keçidlə tətbiqini təklif edib. Lakin həmin layihə də Rusiya imperiyası tərəfindən qəbul edilməyib.

Bununla belə, M.F.Axundzadənin təklifləri Azərbaycan ictimai fikrində dərin iz buraxıb. Onun ölümündən sonra, 1886-cı ildə “Qafqaz” qəzetində Mirzə Əliməhəmmədin yazısı, 1898-ci ildə isə Firidun bəy Köçərlinin “Ərəb əlifbası və onun çatışmazlıqları” adlı məqaləsi bu məsələnin aktuallığını qoruduğunu göstərirdi. XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadə isə yazırdı ki, bu “heroqlif” xarakterli yazının latın əlifbası ilə əvəzlənməsi zəruridir.

Ərəb əlifbasının dəyişdirilməsi problemi həm maarif, həm də mədəni inkişaf məsələsi kimi gündəmə gətirilmişdi. Hətta hökumət üzvlərindən biri olan Nəriman Nərimanov bu sistemin qüsurlarını qeyd edir, lakin məsələnin həllini Kiril qrafikalı əlifbanın qəbulunda görürdü. O, dəyişdirilmiş və Azərbaycan fonetikasına uyğunlaşdırılmış əlifba ilə bir sıra əsərlər yazmışdı.

Beləliklə, M.F.Axundzadənin ərəb əlifbasını islah etmə cəhdləri praktiki nəticə verməsə də, Azərbaycan yazı tarixində milli düşüncənin, maarifçilik ideyalarının və modernləşmə hərəkatının əsas başlanğıclarından biri kimi mühüm yer tutur. Onun bu sahədəki fəaliyyəti sonrakı nəsillər üçün intellektual baza yaradıb və XX əsrdə həyata keçirilən latınlaşdırma prosesinə nəzəri zəmin formalaşdırıb.

Paylaş: