16.04.2026 10:23
15 apreldə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Direktoru yanında şöbə müdirləri şurasının 3-cü iclası keçirildi. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nda AMEAA-nın iştirakını nəzərdə tutan tədbirlərin icrasının təşkili çərçivəsində Tarix və Etnologiya İnstitutunun qarşısında duran vəzifələr müzakirə edildi.
Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” haqqında məlumat verdi, bildirdi ki, süni intellekt, xüsusilə generativ süni intellekt və böyük dil modelləri bütün sektorlarda məhsuldarlığı inqilabi səviyyədə artırmaq potensialına malikdir. İnstitutunun direktoru bildirdi ki, müasir dövrdə vacib trend dövlətlərin “suveren süni intellekt” konsepsiyasına artan diqqətidir. Bu, dövlətlərin xarici texnologiyalardan asılı olmadan öz milli infrastrukturları, məlumat ehtiyatları və insan kapitalı vasitəsilə süni intellekt modelləri yaratmaq və idarə etmək qabiliyyətidir. Fəaliyyət Planında prioritet istiqamətlər əsaslandırılır, görüləcək tədbirlər sadalanır, nəticə indikatorları, gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri təqdim olunur. Sİ əsaslı yerli həllərin hazırlanması və tətbiqinin sürətlənməsi, Sİ texnologiyalarının istifadəsinə dövlət dəstəyinə dair təkliflərin təsdiq üçün təqdim edilməsi, “süni intellekt indeksi” ilə müəyyən edilmiş göstəricilərin dövlət orqanlarının (qurumlarının) işinə tətbiqi planlaşdırılır. Hər bir dövlət orqanı (qurumu) rəhbərinin müavini səviyyəsində rəqəmsallaşmaya, innovasiya, Sİ və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxsin təsbit edilməsi və onun fəaliyyətinin birbaşa rəqəmsal, Sİ və kibertəhlükəsizliklə bağlı hədəflərlə əlaqələndirilməsi, dövlət orqanlarında (qurumlarında) layihələrin vaxtında və keyfiyyətlə icrasını təmin edən Layihə İdarəetmə Ofisinin fəaliyyətinin təşkili nəzərdə tutulur.
Şöbə müdirləri şurasının iclasında Tarix və Etnologiya İnstitutunun qarşısında duran vəzifələrlə bağlı şöbə və institut səviyyəsində tarix və etnologiya elm sahələrində rəqəmsallaşmanı və süni intellektin tətbiqini nəzərdə tutan, prioritet istiqamətləri əhatə edən təkliflərin irəli sürülməsinə qərar verildi. İclasda Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin, şöbələr üzrə məsul şəxslərin qarşısına konkret tələblər qoyuldu, konkret vaxt və görüləcək işlər müəyyənləşdirildi. Eyni zamanda elmi əməkdaşların korporativ elektron ünvanlarının yenilənməsi, impakt faktorlu jurnallarda nəşr məsələləri ilə əlaqədar geniş müzakirələr aparıldı.
______________________________
İctimaiyyətlə əlaqələr şöbəsi
????070-253-75-93
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir