01.05.2026 13:38
2026-cı il mayın 4-5-də AMEA Mərkəzi Elmi Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türkiyə Cümhuriyyəti Mərmərə Universiteti Türkiyat Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Görkəmli medievist Oqtay Əfəndiyevin 100 ilik yubileyinə həsr olunmuş II Beynəlxalq Şah İsmayıl Xətayi Konfransı” keçiriləcəkdir.
Konfransı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik İsa Həbibbəyli açacaqdır. Plenar iclasda A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, prof. Kərim Şükürov, Türkiyə Cümhuriyyəti Mermere Universiteti Türkiyat Araşdırmalar İnstitutunun müdiri, prof. İlyas Kamaloğlu, Oqtay Əfəndiyevin qızı dos. Vəfa Əfəndizadə Tezcan çıxış edəcəkdir.
Ümumilikdə 50-dan artıq tanınmış alim və mütəxəssisin, rəsmi dəvət olunmuş qonaqların iştirak edəcəyi bu konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Türkiyə və Özbəkistandan 30 nəfərə yaxın alim maraqlı məruzələrlə çıxış edəcəkdir.
İki bölmədə fəaliyyət göstərəcək konfransda dinləniləcək məruzələr arasında Azərbaycan tarixşünaslığının görkəmli nümayəndəsi, tanınmış medievist alim Oqtay Əfəndiyevin Azərbaycan Səfəvişünaslığının yaranması və inkişafında rolu, Şah İsma-yıl Xətayinin siyasi fəaliyyəti, Səfəvi dövlətinin təşəkkülü, sosial-iqtisadi strukturlar, diplomatik münasibətlər, eləcə də ədəbi və mədəni irs kimi mövzular müzakirə olunacaqdır.
Azərbaycan xalqının dövlətçilik tarixində böyük bir tarixi dövrü (235 il) əhatə edən qüdrətli Səfəvi imperiyası və onun yaradıcısı görkəmli dövlət xadimi Şah İsmayıl Səfəvi xüsusi yer tutur. Öz dövrünün beynəlxalq münasi¬bətləri tarixində çox mühüm rol oynayan bu Azərbaycan imperiyası ümumdünya tarixində dərin iz qoyub. Elə buna görə də Səfəvi tarixi heç zaman öz aktuallığını itirməyib. Şah İsmayıl Səfəvi irsi nüfuzlu tarixçilərin tədqiqat obyekti olaraq hələ də qalmaqdadır.
Tofiq Nəcəfli
tarix elmləri doktoru, dosent