20.05.2026 10:21
15 may 2026-cı il tarixində “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfransın materialları dərc edilib. 314 səhifədən ibarət kitabda (ISBN 978-9952-601-21-30) 53 məruzə əksini tapır.
Xatırladaq ki, martın 17-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Əsas binasında “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın plenar iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Güllü Yoloğlu, Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, Tarix və Etnologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev çıxış ediblər.
Beynəlxalq konfrans öz işini “Türk xalqlarının tarixi və etnologiyası” və “Türk xalqlarının folkloru və ədəbiyyatı” adlı bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Tatarıstan, müxtəlif türk dövlətləri və türk xalqlarının yaşadığı ölkələrin tədqiqatçıları türk xalqlarının tarixi, etnologiyası, folkloru, mədəni irsi və müasir inteqrasiya proseslərinə dair məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, kitabda I Beynəlxalq elmi konfransın (“Türk xalqlarının mərasim sistemində Novruzun yeri”, 10-11 mart 2022-ci il), II Beynəlxalq elmi konfransın (Görkəmli oftolmoloq alim Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş “Novruz ənənələri: qadın yaradıcı, qoruyucu
və ötürücü kimi”. 17-18 mart 2023-cü il), III Beynəlxalq elmi konfrans (“Türk sivilizasiyasının dirçəlişi”. 18-19 mart 2024-cü il), IV Beynəlxalq elmi konfransın (“Bizi birləşdirən Novruz”. 18 mart 2025-ci il) və “Bizim ailəmiz Türk dünyasıdır” konfransının fotoşəkilləri oxuculara təqdim olunmuşdur.