AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan tarixi Səməd Vurğun yaradıcılığında

23.05.2026 21:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 fevral 2026-cı il tarixində xalq şairi, tanınmış dramaturq və ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun 120 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq,  22 may 2025-ci ildə  Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Səməd Vurğun yaradıcılığında Azərbaycan tarixinin məsələləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev Səməd Vurğunun Azərbaycan ədəbiyyatı ilə yanaşı, milli tariximizin, tarixi yaddaşımızın və vətənpərvərlik düşüncəsinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, şairin yaradıcılığında xalqın keçdiyi tarixi yol, milli-mənəvi dəyərlər və azərbaycançılıq ideyası xüsusi yer tutur. Daha sonra məruzələr dinlənilib.
“Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkram Ağasiyev “Səməd Vurğun: tarixi yaddaş və müasirlik” mövzusunda çıxış edərək şairin yaradıcılığında tarixi hadisələrin və milli yaddaşın bədii təcəssümündən danışıb, vurğulayıb ki, Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır, onun yaradıcılığında azərbaycançılıq amalı mühüm yer tutur.
Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova “Səməd Vurğunun “26-lar” poeması tarixi miflər və gerçəkliklər rakursunda” adlı məruzəsində əsərin tarixi aspektlərini təhlil edib.
Azərbaycanın sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Aypara Rüstəmova “Səməd Vurğun yaradıcılığında bütöv Azərbaycan həsrəti” mövzusunda çıxış edərək şairin əsərlərində milli birlik və vətən sevgisinin əksini diqqətə çatdırıb. 
Tarixi etnologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İsmayıl Umudlu isə “Səməd Vurğunun şəcərəsi haqqında” məruzə ilə çıxış edib, maraqlı faktları diqqətə çatdırıb. Bildirib ki, Səməd Vurğunun zəngin bədii irsi müasir Azərbaycan poeziyasına güclü təsir göstərib və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

___________

Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
????0702537593
???? info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: