AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Səfəvi tarixinə dair Florensiya Dövlət Arxivinin sənədləri” kitabının  təqdimatı keçirilmişdir

05.06.2026 14:41

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Elm və Təhsildə İnkişaf” İctimai Birliyi tərəfindən nəşr edilmiş “Səfəvi tarixinə dair Florensiya Dövlət Arxivinin sənədləri” kitabının təqdimat mərasimi keçirilmişdir. 

Təqdimat mərasimini açan İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev nəşrin əhəmiyyətindən söz açmışdır. Daha sonra kitabın tərtibçisi, transkripsiya, italyancadan tərcümə, giriş və qeydlərin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev ilk növbədə, nəşrin hazırlanmasında verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və təqdimatın təşkilində göstərdiyi köməkliyə görə Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürova öz təşəkkürünü bildirmişdir. 

Ə.Quliyev kitabda Səfəvi-Osmanlı münasibətlərinə və Səfəvi-Avropa diplomatik əlaqələrinə dair Florensiya Dövlət Arxivində saxlanılan 203 arxiv sənədi haqqında məlumat verildiyini və bir sıra arxiv sənədlərində tariximiz üçün əhəmiyyət kəsb edən hissələrin transkripsiya və italyancadan tərcümə edilərək, hazırki nəşrə daxil edildiyini qeyd etmişdir.

Kitabın elmi redaktoru tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli, rəyçiləri tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyn və tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Axundova öz çıxışlarında nəşrin Səfəvi tarixinin araşdırılması baxımından tədqiqatçılara faydalı olacağını vurğulamışdırlar.

Qeyd edək ki, “Təhsil” nəşriyyatında çap edilmiş kitab tarixçilər, Səfəvilər dövlətinin tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
________
Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
????0702537593
???? info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: