AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Milli Qurtuluş və müstəqil Azərbaycan dövlətçiliyi

16.06.2026 00:29

12 iyun 2026-cı il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş və müstəqil Azərbaycan dövlətçiliyi: tarixi təcrübəyə müasir baxış” mövzusunda dəyirmi masa keçirilib.

Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev tədbiri giriş sözü ilə açaraq 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində və müstəqil dövlətçiliyin qorunub saxlanılmasında müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. O bildirib ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Məhz xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin təmin olunmasına, dövlət institutlarının möhkəmləndirilməsinə və müstəqil Azərbaycanın inkişaf strategiyasının müəyyənləşdirilməsinə imkan yaradıb.
Tədbirdə maraqlı məruzələr dinlənilib. Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Günel Musayeva “15 iyun 1993-cü il ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı “Milli qurtuluş fəlsəfəsində Heydər Əliyev şəxsiyyəti”, Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova “Milli Qurtuluş günü- müasir Azərbaycan tarixinin dönüş nöqtəsi”, Azərbaycan Respublikasının tarixi şöbəsinin böyük elmi işçisi Aynur Kərimli “Milli Qurtuluşun nəticələri və müasir Azərbaycan dövlətçiliyinin formalaşması” mövzularında məruzələrlə çıxış ediblər.
Milli Qurtuluş ideyalarının elmi müstəvidə təhlili və təbliği baxımından mühüm əhəmiyyət daşıyan tədbirdə qeyd olunub ki, Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, müasir dövlətçilik ənənələrinin formalaşmasının əsasını təşkil edir və həmin hadisələrin tarixi baxımdan araşdırılması, təhlili gələcək nəsillərə çatdırılması tarixçilərin mühüm vəzifələrindən biridir. Dəyirmi masa iştirakçıları Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı rol və bu tarixi irsin qorunub saxlanılmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Paylaş: