AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

QAX RAYONUNA TARİXİ-ETNOQRAFİK EKSPEDİSİYA

11.07.2026 16:28

2026-cı il 16 iyun–7 iyul tarixlərində AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsi tərəfindən Qax rayonuna tarixi-etnoqrafik ekspedisiya təşkil olunmuşdur. Ekspedisiyanın rəhbəri tarix elmləri doktoru Güllü Yoloğlu, ekspedisiyanın üzvü isə elmi işçi Fidan Şahmalıyeva olmuşdur.
Ekspedisiyanın əsas məqsədi Qax rayonunda yaşayan əhalinin etnik-mədəni xüsusiyyətlərini, məişət və təsərrüfat ənənələrini, xalq memarlığı nümunələrini, maddi və qeyri-maddi mədəni irs elementlərini, eləcə də bölgədə yaşayan müxtəlif etnik qrupların tarixi-etnoqrafik xüsusiyyətlərini yerində öyrənməkdən ibarət olmuşdur.
Tədqiqat çərçivəsində rayonun İcra başçısı Elvin Paşayevlə görüşmüş,  Qax şəhəri, İlisu, Güllük, Sarıbaş, Qaxbaş, Qax İngiloy,  Qum, Ləkit, Qıpçaq, Çinarlı, Ağçay və digər yaşayış məntəqələrində sahə materialları toplanmış, yaşlı sakinlərlə müsahibələr aparılmış, ailə-məişət münasibətləri, ənənəvi təsərrüfat sahələri, sənətkarlıq, xalq təbabəti, mərasim və inanclar, milli mətbəx, geyim mədəniyyəti, həmçinin bölgənin tarixi abidələri və müqəddəs ziyarət yerləri haqqında zəngin məlumatlar qeydə alınmışdır.

Ekspedisiya zamanı foto və video çəkilişlər aparılmış, maddi mədəniyyət nümunələri sənədləşdirilmiş, yaşayış evlərinin memarlıq xüsusiyyətləri, qəbiristanlıqlar, epiqrafik abidələr və digər tarixi-etnoqrafik obyektlər tədqiq edilmişdir. Toplanmış sahə materiallarının gələcək elmi araşdırmalarda, monoqrafiya və məqalələrin hazırlanmasında, eləcə də Azərbaycanın etnoqrafik irsinin öyrənilməsi və təbliğində mühüm mənbə kimi istifadə olunması nəzərdə tutulur.

Ekspedisiyanın rəhbəri t.e.d. Güllü Yoloğlu Çinarlı kəndinin füsunkar guşəsində təşkil olunmuş Kamp Festivalında Öztürk TV-yə müsahibə vermişdir.

_________________
Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
????0702537593
???? info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: