01.02.2025 21:11
Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Fransanın müstəmləkəçilik siyasətinin mahiyyətini izah edib
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2025-ci il yanvarın 21-də Bakıda “Fairmont” oteidə “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı beynəlxalq konfrans keçirilib. Konfransa Reyunyon adasından, eləcə də Afrikanın bir sıra ölkələrindən nümayəndələr gəlib. Tədbirdə Fransadan iki nümayəndənin iştirakı da xüsusi qeyd olunmalıdır.
Qeyd edək ki, Madaqaskar adasından 700 km şərqdə yerləşən, 2,512 kv km əraziyə və 850 min nəfərə yaxın əhalisi olan Reyunyon adası Fransanın dənizaşırı departamentidir.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasovun və Milli Məclisin üzvü Zahid Orucun çıxışlarından sonra “Ka Ubuntu” müstəqillik hərəkatının sədri Romain Katambara və hərəkatın Reyunyon bölməsinin koordinatoru Benjamin Klement adada Fransa müstəmləkəçiliyinin tarixi, yerli əhalinin azadlıq mübarizəsi haqqında danışıblar.
Beynəlxalq konfrans “Reyunyonda Fransız müstəmləkəçiliyinin tarixi və müasir vəziyyəti” və “Beynəlxalq hüquq çərçivəsində Reyunyonun dekolonizasiya prosesi” adlı iki bölmədə işini davam etdirib. Konfrans çərçivəsində “Ka Ubuntu” təşkilatının çəkdiyi iki videofilm də nümayiş olunub. Birinci filmdə Kröz regionuna deportasiyadan, ikinci filmdə isə fransız müstəmləkəçilərinin yerli əhalinin sayını azaltmaq məqsədiliə geçəkləşdirdikləri antihumanist “sterilizasiya”, yəni kütləvi surətdə qadınların hamiləliyinin süni dayandırılmasından bəhs edilir.
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin müdiri, Azərbaycan Tarix Qurumu ictimai birliyinin sədri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə konfransda çıxış edərək Fransa müstəmləkəçiliyinin tarixindəki qara ləkələri xatırladıb. Bildirib ki, İngiltərə ilə 1763-cü il Paris sülh müqaviləsindən sonra xüsusi ilə XIX əsrdə Fransa işğallarını əsasən Afrikada və Hind-Çin yarımamadasında gerçəkləşdirib, əsrin sonunda Afrikanın təxminən 40 faizi Fransanın əlinə keçib. Professor Tofiq Mustafazadə çıxışında maraqlı məsələyə toxunub: “Fransadan olan jurnalist ingilis və fransız müstəmləkəçiliyi arasındakı bir fərqi qeyd etdi: ingilislər müstəmləkələrdə yerli xalqların nümayəndələrindən istifadə etdikləri halda fransızlar birbaşa idarəetməyə üstünlük verirdilər. Buna görə də yerli əhalini fransızlaşdırma siyasəti yürüdürdülər. Mən ingilis müstəmləkəçiliyi ilə fransız müstəmləkəçiliyi arasında daha bir fərqi qeyd etmək istərdim. İngilis imperializminin başlıca xüsusiyyəti müstəmləkələrə yüksək qiymətə sənaye məhsulları satıb, ucuz qiymətə xammal və ərzaq məhsulları almaqla mənfəət əldə etməkdən ibarət idi. Fransada sənaye İngiltərəyə nisbətən zəif inkişaf etdiyindən fransızlar müstəmləkələrin təbii sərvətlərini birbaşa talamaqla mənfəət əldə etməyə üstünlük verirdilər. Belə siyasət isə müstəmləkələrin əhalisinin kəskin müqavimətinə rast gəlir, fransızlar isə yerli əhalini kütləvi surətdə qırmaqdan çəkinmirdilər. Məsələn, yerli mənbələrə görə Əlcəzairdə 1954-1962-ci illərdə fransız müstəmləkəçilərinə qarşı başlayan milli-azadlıq hərəkatı zamanı 1-1,5 milyon əlcəzairli qətlə yetirilib. Fransız mənbələrinə görə isə bu rəqəm 300-400 min nəfər arasında olub. Fransızların bu rəqəmi kiçiltdiklərini nəzərə alsaq Əlcəzair soyqırımı nəticəsində ortalama 1 milyon nəfərin məhv edildiyini söyləmək mümkündür. Fransa məcburən müstəqilliyini tanıdığı keçmiş müstəmləkələrində öz təsirini saxlamaq üçün yerli əhali arasında nifaq toxumu səpib, kütləvi qırğınlar üçün zəmin yaradıb. Məsələn, Fransa 1962-ci ildə Ruandada etnik mənşəyinə görə tutsi olan kralı devirib buraya “müstəqillik” verdikdə hakimiyyət başına xutuları gətirib. 6 aprel 1994-cü ildə Ruanda prezidentinin təyyarəsi vurulanda xutu hakimiyyət orqanları bunu tutsilərin üstünə yıxaraq fransızların sakit müşahidəçiliyi ilə soyqırıma başladılar, cəmi 13 həftə ərzində 800 min tutsi qətlə yetirildi. Bəzi mənbələrə görə soyqırım nəticəsində 1 milyon 100 min tutsi öldürülüb”.
Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin müdiri Tofiq Mustafazadə bildirib: “Nisbətən iri müstəmləkələrin əhalisinin azadlıq mücadiləsi ilə bacarmayan Fransa onlara müstəqillik verməyə məcbur olsa da, daha kiçik müstəmləkələri əllərində saxlamaqda davam edir. Belə müstəmləkələrdən biri də inzibati mərkəzi Sen-Deni şəhəri olan Reyunyondur. Bu adada həyata keçirilən müstəmləkəçiliyin ilk təzahürü Reyunyonun adının dəfələrlə dəyişdirilməsi olub. Müstəmləkəçilik siyasəti özünü həm də burada büruzə verir ki, Reyunyonda kreol dili geniş yayılsa da məktəblərdə tədris və dövlət idarələrində kargüzarlıq yalnız fransız dilində aparılır.
1946-cı ildə ada Fransanın dənizaşırı departamenti, 1975-cü ildə inzibati departament elan edilib. Lakin bu idarəetmənin müstəmləkəçi mahiyyətini dəyişdirməyib. 1991-ci ildə maliyyə və siyasi böhrana görə departamenti kütləvi iğtişaşlar bürüyüb. 2004-cü ildə Reyunyon Şərqi və Cənubi Afrika ölkələrinin iqtisadi birliyinə daxil olmaq üçün ərizə verib. Müstəmləkəçilik adanı ağır vəziyyətə salsa da Fransa buradakı ağalığına son qoymaq, Reyunyona müstəqillik vermək istəmir. Çünki buradan şəkər qamışı, qəhvə və s. məhsulların yetişdirilməsi və istehsalından böyük mənfəət əldə edir. Adanın hərbi-strateji əhəmiyyəti də Fransa üçün böyük önəm daşıyır və Hind okeanının bir hissəsinə nəzarət etmək imkanı verir”.
Reyunyon xalqına azadlıq mübarizəsində qələbə arzulayan professor Tofiq Mustafazadə çıxışının sonunda bildirib ki, dünyanın çox yerində dayaqlarını itirən rəsmi Paris Ermənistana hərbi yardım göstərib burada möhkəmlənmək yolu ilə Cənubi Qafqazda təsirə malik olmaq istəyir: “Fransanın bu cür siyasəti isə regiondakı siyasi vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Lakin fransızlar bilməlidirlər ki, iki qardaş ölkə Türkiyə-Azərbaycan tandemi Fransanın bölgədə meydan sulamasına imkan verməyəcək”.