AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Şeyx Məhəmməd Xiyabani (1879-1920)

Şeyx Məhəmməd Xiyabani (1879-1920)

Azərbaycan milli istiqlal hərəkatının görkəmli xadimlərindən biri.

Xiyabani Şeyx Məhəmməd Hacı Əbdülhəmid oğlu 1879-cu ildə Təbriz şəhəri yaxınlığındakı Xamnə qəsəbəsində anadan olub. O, Azərbaycanın cənubunda şahlıq rejiminə qarşı milli azadlıq hərəkatına başçılıq etmişdir. İlk təhsilini Xamnədə almış, Petrovsk-Porta (indiki Mahaçqala) gələrək, ticarət işlərində atasına kömək etmişdir. Təbrizə qayıtdıqdan sonra ruhani təhsili almış, müctəhid dərəcəsinə çatmışdı. Rus və fransız dillərini öyrənmişdi. Təbrizdəki Talibiyyə mədrəsəsində astronomiyadan dərs demişdir. 1905-11-ci illər İran inqilabı dövründə siyasi həyata qədəm qoymuş, inqilabın fəal iştirakçılarından olmuşdur. 1908-09-cu illərdə Təbrizin Xiyaban məhəlləsində səngər döyüşlərində mücadilə apardığı üçün Xiyabani adını qazanmışdır. Azərbaycan milli əncüməninin və İran məclisinin (2-ci çağırış; 1909-11-ci illər) deputatı olmuşdur. 1909-cu ildə təşkil edilən İran Demokrat Firqəsinə (İDF) daxil olmuş, İran inqilabının məğlubiyyətindən sonra ölkəni tərk edərək, Petrovsk-Port, Bakı, Tiflis şəhərlərinə getmişdir. 1914-cü ildə Təbrizə qayıdaraq, ədəbi-fəlsəfi dərnək yaratmış və ondan gizli siyasi fəaliyyət üçün istifadə etmişdir. 1917-ci il Rusiya inqilablarını rəğbətlə qarşılayan Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi İDF Azərbaycan əyalət komitəsi açıq fəaliyyətə başlamışdır. 1917-ci il aprelin 9-dan partiyanın Azərbaycan əyalət komitəsinin orqanı kimi "Təcəddüd" ("Yeniləşmə") qəzeti nəşr edilirdi. Xiyabaninin ilk məqalələri burada dərc olunmuşdur. 1917-ci il avqustun 24-də İDF Azərbaycan əyalət komitəsinin geniş konfransında Azərbaycan Demokrat Firqəsi (ADF) müstəqil elan edilmiş, Xiyabani partiyanın mərkəzi komitəsinin sədri seçilmişdir. ADF həm Cənubi Azərbaycan ərazisindəki xarici işğalçılara, həm də İngiltərə-İran sazişini (1919-cu il, 9 avqust) bağlayan Vüsuqüddövlə hökumətinə qarşı mübarizə aparırdı. Cənubi Azərbaycanın şimal-qərbində erməni silahlı dəstələrinin xarici qüvvələrin təhriki ilə aysorlarla birlikdə azərbaycanlılara qarşı törətdiyi soyqırımının qarşısını almaq üçün Xiyabaninin başçılığı ilə yaradılan silahlı dəstələr qırğınların xüsusi qəddarlıqla həyata keçirildiyi Şərəfxan, Salmas, Urmiya və b. bölgələrə göndərildi və bu qüvvələr qətl-qarətlərin qarşısının alınmasında mühüm rol oynadılar.

Şeyx Məhəmməd Xiyabani özünün siyasi-nəzəri platformasını "təcəddüd", yəni "yeniləşmə məsləki" adlandırırdı. "Təcəddüd" məsləki imperialist ağalığına, şah hakimiyyətinə, feodal geriliyinə, sosial ədalətsizliyə qarşı yönəlmiş, həqiqi xalq hakimiyyəti tələb edən cərəyan idi. ADF-nin rəhbərləri, o cümlədən Xiyabani dinc yolla mübarizənin lazımi nəticə verməyəcəyini yəqin edərək, silahlı üsyana hazırlaşmağa başladılar. 1920-ci il aprelin 7-də Təbrizdə qalxan üsyana rəhbərlik etmək üçün Xiyabaninin başçılığı ilə ictimai idarə heyəti təşkil olundu. Bununla, Şeyx Məhəmməd Xiyabaninin ictimai-siyasi və dövlət xadimi kimi fəaliyyəti daha da gücləndi. 1920-ci ilin yazında Xiyabani Bakıdan Təbrizə göndərilmiş teatr xadimləri qrupunu Təbrizdə qəbul etmiş, onlara xeyli kömək göstərmişdi. 1920-ci il iyunun 23-də ADF müvəqqəti icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərən ictimai idarə heyəti əsasında Milli Hökumət yaratmağı qərara aldı. Xiyabani Milli Hökumətin sədri seçildi. Cənubi Azərbaycan "Azadıstan"-Azadlıq ölkəsi adlandırıldı. Milli Hökumət kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə və s. sahələrdə islahat və tədbirlər həyata keçirdi. Yeni iş yerlərinin açılması, pul islahatı keçirilməsi, bank-maliyyə sistemi yaradılması, bələdiyyə seçkiləri keçirilməsi üçün hazırlıq işləri görülməsinə, torpaq islahatına başlandı.

Xiyabaninin başçılıq etdiyi milli azadlıq və demokratik hərəkat İngiltərənin İrandakı rəsmi nümayəndələrini və İran hökumətini təşvişə saldığından, onlar hərəkata qarşı birləşdilər və əlbir fəaliyyət planı hazırladılar. İrtica sentyabrın 12-də hərəkata qarşı hücuma keçdi. Təbriz - Alaqapıdakı hökumət mərkəzi İran-kazak döyüşçüləri tərəfindən ələ keçirildi. Üsyançılara amansız divan tutuldu, Xiyabani 1920-ci il, sentyabr ayının 14-də Təbrizdə vəhşicəsinə öldürüldü. Xiyabaninin başçılıq etdiyi hərəkat məğlub olsa da, Azərbaycan xalqının imperialist ağalığına, şahlıq rejiminə qarşı, milli istiqlaliyyət uğrunda mübarizə tarixində böyük əhəmiyyətə malikdir. İranda yaşayan azərbaycanlılarda milli özünüdərkin inkişafında Xiyabaninin əvəzsiz xidməti olmuşdur. 

Ədəbiyyat:

  1. "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" kitabında, c.2, B., 1983
  2. Çıxışları, "Ali Azeri, Azadistan devleti ve Şeyx Muhammed Hıyabanı (1918-1920)" kitabında, Ankara. Əd.: Cənubi Azərbaycan tarixi oçerki (1818-1917), B., 1985;
  3. Məmmədli Q., Xiyabani (Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixindən), B., 1949;
  4. İbrahimov (Şahin) T.A., İran Kommunist Partiyasının yaranması, B., 1963;
  5. Tağıyeva Ş.A., Azadlıq və məslək fədaisi (Şeyx Məhəmməd Xiyabaninin anadan olmasının 100 illiyinə), Azərbaycan SSR EA Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), 1983, №1;
  6. Тагиева Ш.А. Национально-освободительное движение в Иранском Азербаиджане в 1917-1920 гг. Б., 1918-1922 гг., M., 1961
  7. “Şeyx Məhəmməd Xiyabani”//Azərbaycan Xalq Cümhuriyyəti Ensiklope­diyası. II cild, Bakı: Lider, 2005, s.22-23
Paylaş: