AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Azərbaycanın beynəlxalq əlaqələrinin tarixşünaslığı müzakirə olundu

16.10.2024

Oktyabr ayının 15-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin təşkilatçılığı ilə “XVIII-XIX əsrin əvvəllərində Azərbaycanın beynəlxalq əlaqələrinin tarixşünaslığının müasir vəziyyəti” mövzusunda Dəyirmi masa keçirildi.

Tədbirdə tarix elmləri doktoru, professor Tofiq Mustafazadə “XVIII əsr Azərbaycan xanlıqlarının tarixinin öyrənilməsi vəziyyətinə dair”, tarix üzrə fəlsəfə doktoru, dosent Mərziyə İsgəndərova “XVIII əsrin II yarısı-XIX əsrin əvvəllərində Çar Rusiyasının Azərbaycanda siyasətı siyasəti müasir rus tədqiqatçılarının interpretasiyasında”, tarix üzrə fəlsəfə doktoru, dosent Gülnarə Şirəliyeva “XVIII əsrin birinci yarısında Azərbaycanın xarici siyasi vəziyyətinin ölkənin iqtisadi inkişafına təsirinə dair” mövzusunda məruzələr söylədilər.

Çıxışlar zamanı qeyd olundu ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixi keçmişimizə, o cümlədən xanlqlar dövrünə maraq artmışdır.

Professor T. Mustafazadə bildirdi ki, bu illərdə xanlıqların tarixinin tədqiqinə aid əsərləri üç qrupa bölmək mümkündür: 1. Ayrı-ayrı xanlıqların tarixinə həsr olunmuş əsərlər 2. Xanlıqlar dövrünün müəyyən məsələlərinə həsr olunmuş əsərlər 3. Ümumiləşdirici əsərlər. Məruzəçi qeyd etdi ki, müstəqillik dövründə Azərbaycan tarixinin digər dövrlərinə olduğu kimi, XVIII əsr və XIX əsrin əvvəllərinə diqqət daha da artmış, tarixə baxışlarda böyük dəyişikliklər baş vermiş, keçmiş tariximizə milli maraqlar baxımdan yanaşılmış, obyektiv tədqiqatlar ortaya çıxmışdır.

Dosent Mərziyə İsgəndərova çıxışında qeyd etdi ki, müasir rus tədqiqatçıları XVIII əsrin II yarısı-XIX əsrin əvvəllərində Çar Rusiyasının Azərbaycan siyasətınin kolonial siyasət olduğunu etiraf etsələr də, Azərbaycanın, eləcə də bütün Qafqazın işğalının “xilaskar” xarakter daşıdığını vurğulayırlar. Rus müəllifləri bildirirlər ki, həmin dövrdə Azərbaycan daim Rusiyanın diqqət mərkəzində olmuş, çar hökuməti işğalı başa çatdırmaq üçün bütün vasitələrdən istifadə etmişdir.

Dosent Gülnarə Şirəliyeva XVIII əsrin birinci yarısında Azərbaycanın xarici siyasi vəziyyətinin ölkənin iqtisadi inkişafına təsirini təhlil edərək bildirdi ki, keçmiş sovet dövründə, hətta müstəqillik dövründə tarixçilər daha çox siyasi tarixə diqqət yetirmişlər. Halbuki elmi ədəbiyyat və sənədli mənbələr Azərbaycan iqtisadiyyatı, eləcə də aqrar münasibətlər haqqında tam mənzərəni yaratmağa imkan verir. Birbaşa və dolayısı mənbələr göstərir ki, qeyri-sabit siyasi vəziyyətə, feodal istismarına baxmayaraq kənd mühitində əhalənin təbəqələşməsi prosesi davam etmişdir. Yeni üzə çıxarılmış mənbələr, xüsusi ilə “Osmanlı dəftərləri” sayəsində həmin dövrdə taxılçılıq, pambıqçılıq, bağçılıq-bostançılıq, texniki bitkilər, suvarma sistemləri və sudan istifadə qaydaları haqqında geniş tədqiqatlar aparmaq mümkündür.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: