07.01.2025
Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi Başkanlığı tərəfindən XXI əsrdə türk tarixi, tarixi şəxsiyyətləri haqqında ortaq yaddaşın yaradılması, gələcək nəsillərə ötürülməsi və mədəni əlaqələrin gücləndirilməsi məqsədi ilə hazırlanan “Türk Dünyası Ensiklopediyası” tədqiqatçıların və oxucuların istifadəsinə verilib.
Ensiklopediya “Türk dövlətləri, dövlət adamları”, “Tarix və mədəniyyət”, “Türk toplumları”, “Dil və ədəbiyyat”, “Coğrafiya və məkan”, “Elm və incəsənət”, “Türk dünyasının öncül qadınları” və “Aydınlar və mütəfəkkirlər” adlı doqquz başlıqdan ibarətdir.
Ensiklopediyada AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru t.e.d., prof. Kərim Şükürovun –“Şuşa”; t.ü.f.d., dos. İradə Məmmədovanın “Hüseyn Qulu xan Qacar (1742-1831)”, “Həsən Xan Qacar (1785-1856)”; “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin müdiri, t.e.d., dos. Tofiq Nəcəflinin “Cahanşah Həqiqi (1397-1467)”, “Qara Yusif, Cəmaləddin Qara Yusif Barani (1355-1420)”, “Şah I Abbas Səfəvi (1571-1629)”, “Şah İsmayil Xətai (1487-1524)”, “Şah Təhmasib Səfəvi (1513-1576)”, “Saray Xatun”, “Uzun Həsən (1423-1478)”; t.e.d., dos. Güntəkin Nəcəflinin “Fətəli Xan Əfşar (1747-1763)”, “Haci Çələbi Xan (1743-1755)” və “Azərbaycanın beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri, t.e.d., prof. Tofiq Mustafazadənin “Nadir şah Əfşar” adlı məqalələri yayımlanıb. Qeyd edək ki, elektron formatda təqdim olunan ensiklopediyanın məzmunu müntəzəm olaraq zənginləşdirilir, yenilənir.
Ətraflı məlumat üçün https://turkdunyasiansiklopedisi.gov.tr/ saytına daxil ola bilərsiniz.
Tarix və Etnologiya İnstitutunun
Beynəlxalq əlaqələr şöbəsi