AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi

17.01.2025

Əvvəlcə, faciə qurbanlarının və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru,dosent İlqar Niftəliyev çıxış edərək 20 Yanvar hadisələrinin baş verməsindən 35 il keçməsinə baxmayaraq, həmin dəhşətli gecənin ağrı-acılarının bu gün də xalqımızın qəlbində, yaddaşında yaşadığını diqqətə çatdırıblar. Hər bir millətin taleyində müstəsna rol oynayan xüsusi tarixi günlər var ki, həmin gün xalqın qan yaddaşına əbədi yazılır. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ güc strukturlarına məxsus silahlı birləşmələr Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, ağır texnikadan və müxtəlif tipli silahlardan istifadə edilərək kütləvi qırğınlar törədib. 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur.

Daha sonra Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin müdiri tarix elmləri doktoru ,professor İkram Ağasiyev “20 Yanvar – Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi”, Azərbaycanın Sovet dövrü tarixi şöbəsi, aparıcı elmi işçisiləri hüquq üzrə fəlsəfə doktoru, dosent İlham Əliyev “20 Yanvar qətliatına hüquqi prizmadan baxış”, tarix üzrə fəlsəfə doktoru ,dosentlər Əzizə Nəzərli “28 aprel 1920 – 20 yanvar 1990: tarixi paralellər”, Aypara Rüstəmova “20 Yanvar faciəsi haqqında nəşrlər”, İlham Həsənov “20 Yanvar qətliamına verilən siyasi qiymət haqqında”, Azərbaycanın Sovet dövrü tarixi şöbəsi, aparıcı elmi işçi Aybəniz Osmanova “20 Yanvar qətliamı insanlığa qarşı cinayət kimi” adlı məruzə ilə çıxış edərək qeyd ediblər ki, Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 20 Yanvar hadisələrin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

______________________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: