
01.10.2025
BAŞ REDAKTORDAN
AMEA-da aparılan struktur dəyişiklikləri nəticəsində Tarix İnstitutunun bazasında Tarix və Etnologiya İnstitutu yaradılmışdır. Hazırda institutda Tarixi etnologiya, Müasir dövr etnologiyası, Türk xalqlarının tarixi və etnologiyası, Tətbiqi etnoqrafiya və kulinariya mədəniyyəti şöbələri fəaliyyət göstərir. İnstitutun etnoloqları Azərbaycan və türk xalqlarının etnologiyasının prioritet mövzuları üzrə elmi tədqiqat işlərini uğurla davam etdirir. Son dövrdə bu sahə üzrə respublikada və xaricdə monoqrafiyalar və elmi əsərlər çap edilmişdir.
İnstitutun etnoloqları qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Onların içərisində etnoqrafik ekspedisiyaların təşkili və həyata keçirilməsini xüsusi qeyd etmək lazımdır. Etnoqrafiya fondunun yaradılması, gələcəkdə isə etnoqrafiya muzeyinin təşkili istiqamətində də işlər görülməkdədir.
Tarix və Etnologiya İnstitutunun yaradılmasından sonra qarşıda duran ən mühüm vəzifələrdən biri də elmi dövri nəşrin və onun saytının təşkili olmuşdur. Ölkədə 1964-cü ildə “Azərbaycan etnoqrafik məcmuəsi”nin nəşri başlanmış, 1985-ci ildən isə etnoqrafik jurnal ayrıca nəşr olunmamışdır. Bunun nəticəsidir ki, etnoloqların əsərlərinin vaxtlı-vaxtında nəşri işində çətinliklər olmuşdur. AMEA rəhbərliyi də bu sahədə olan çətinliyin aradan qaldırılması üçün etnologiya sahəsində yeni dövri nəşrin həyata keçirilməsinə bütün köməkliyi göstərmiş, onun saytının yaradılmasına xüsusi diqqət yetirmişdir.
“Azərbaycan Etnologiyası” jurnalının nəşrə başlaması, yalnız etnologiya deyil, eləcə də Azərbaycan elminin mühüm nailiyyətidir.