

18.03.2026
18 mart 2026-cı il tarixində Tarix və Etnologiya İnstitutunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümünə həsr olunmuş “31 mart azərbaycanlıların soyqırımı siyasi partiyaların sənədlərində və mühacir ziyalıların elmi-publisistik irsində” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev 1918-ci ilin mart hadisələrinin Azərbaycan xalqına qarşı törədilmiş ağır bəşəri cinayətlərdən biri olduğunu vurğulayıb. O deyib ki, həmin hadisələr tariximizin faciəli səhifəsi, eyni zamanda milli yaddaşımızın ayrılmaz hissəsidir. İlqar Niftəliyev bildirib ki, mart soyqırımı ilə bağlı faktların araşdırılması, arxiv sənədlərinin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılması bu gün də aktual olaraq qalır.
“Azərbaycan Cümhuriyyətinin tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Kamran İsmayılov “Mart soyqırımı: kökləri, səbəbləri, nəticələri” mövzusunda məruzə ilə çıxış edərək hadisələrin tarixi əsasları, siyasi səbəbləri və nəticələri barədə geniş məlumat verib.
Aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova “Mart hadisələrinə Azərbaycan və Ümumrusiya siyasi partiyalarının münasibəti” mövzusunda çıxışında həmin dövrdə fəaliyyət göstərən siyasi qüvvələrin mövqelərini təhlil edib.
Aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı isə Azərbaycanın mühacir ziyalılarının elmi-publisistik irsində 31 mart soyqırımının əks olunmasının vəziyyətini geniş şəkildə diqqətə çatdırıb.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
______________
İctimaiyyətlə əlaqələr şöbəsi
070-253-75-93
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir